Futbol üzrə Azərbaycan Premyer Liqasında başa çatan 2022/2023 mövsümünün oyunlarını 261 min 564 tamaşaçı izləyib.
Arena.az xəbər verir ki, baş tutan 180 matçda orta göstərici 1453-ə bərabər olub.
Bu, son 5 mövsümün rekordudur. Daha yüksək göstəriciyə sonuncu dəfə 2017/2018 mövsümündə təsadüf olunub – 2007.
Bu rəqəm 2018/2019 mövsümündə 1015, 2019/2020 mövsümündə 1007, 2021/2022 mövsümündə 794-ə bərabər olubsa, 2020/2021 mövsümü tamaşaçılarsız keçirilib.
Ən çox seyrçi 14-cü turun “Sabah” – “Qarabağ” görüşündə (0:0) qeydə alınıb – 10000. Üç qarşılaşmada 7000 izləyici olub. Bu matçlar 16-cı və 32-ci turun “Neftçi” – “Qarabağ” (0:4 və 2:4), 30-cu turun “Sabah” – “Qarabağ” (2:1) duelləridir. “Beşlik”də Bakıdan kənarda baş tutan bir qarşılaşma var. 3-cü turun “Turan Tovuz” – “Qarabağ” oyununu (0:2) 5800 izləyici seyr edib. Ən çox tamaşaçı olan 5 matç çempionun səfər görüşləridir.
Klublar arasında lider “Turan Tovuz”dur. Premyer Liqanın debütantının ev oyunlarını 63 min 300 nəfər izləyib. Çempionatda 2-ci olan “Sabah” və 3-cü yeri tutan “Neftçi” tamaşaçı sayında da eyni mövqedə qərarlaşıb. “Qarabağ” isə 5-ci sıradadır.
Azərbaycan Premyer Liqasında geridə qalan mövsümün azarkeş statistikasını təqdim edirik:
- Turan Tovuz – 63300 (18 oyuna orta hesabla 3517)
- Sabah 41650 (18 oyuna orta hesabla 2314)
- Neftçi – 35350 (18 oyuna orta hesabla 1964)
- Şamaxı – 23740 (18 oyuna orta hesabla 1319)
- Qarabağ – 22543 (18 oyuna orta hesabla 1252)
- Sumqayıt – 21376 (18 oyuna orta hesabla 1188)
- Kəpəz – 18476 (18 oyuna orta hesabla 1026)
- Səbail – 13420 (18 oyuna orta hesabla 746)
- Qəbələ – 13159 (18 oyuna orta hesabla 731)
- Zirə – 8550 (18 oyuna orta hesabla 475)
Cəmi 261564 azarkeş (180 oyuna orta hesabla 1453)


