Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün sonuncu – 36-cı turunun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, mövsümün qapanış turunun oyunları iki günü əhatə edəcək.

İlk oyun günündə üç görüş baş tutacaq. “Sumqayıt” “Zirə”ni, “Qəbələ” “Kəpəz”i, “Səbail” isə “Şamaxı”nı qəbul edəcək. Bu oyunların nəticəsindən asılı olaraq, Azərbaycanı avrokuboklarda təmsil edəcək sonuncu komandanın, eləcə də elitanı tərk edəcək klubun adına aydınlıq gələcək. Avropa Konfrans Liqasına sonuncu vəsiqə ya “Qəbələ”yə, ya da “Zirə”yə qismət olacaq. Elitanı tərk etməyə əsas namizədlər isə “Səbail”lə “Şamaxı”dır.

Sonuncu oyun günündə isə turnir cədvəli baxımından heç bir əhəmiyyət kəsb etməyən iki görüş baş tutacaq. Bürünc medalları təmin etmiş “Neftçi” gümüş medalların sahibi “Sabah”ı qəbul edəcək. Çempionluğu təmin edən “Qarabağ” da doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
26-cı tur
27 may

“Sumqayıt” – “Zirə”
“Sumqayıt Arena”, 17:30.

“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 17:30.

“Səbail” – “Şamaxı”
Bakı. “ASCO Arena”, 20:00.

28 may

“Neftçi” – “Sabah”
Bakı. “Bakcell Arena”, 17:00.

“Qarabağ” – “Turan Tovuz”
Bakı. “Azərsun Arena”, 19:30.

Yeri gəlmişkən, Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün qaliblərinin mükafatlandırılacağı məkanı da açıqlayıb. Xəbərdə bildirilir ki, çempion “Qarabağ”, eləcə də, müvafiq olaraq 2-ci və 3-cü yerlərin sahibləri “Sabah”la “Neftçi” medallarını tur bitəndən sonra “Azərsun Arena”da təşkil olunacaq mükafatlandırma mərasimində alacaqlar.