Azərbaycan Premyer Liqasının avtoqol antirekordu təkrarlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə 17-ci avtoqol qeydə alınıb. Arena.az xəbər verir ki, ölkə çempionatının 34-cü turunun “Neftçi” – “Şamaxı” oyununda (1:1) qonaqların qapıçısı Rəşad Əzizli öz qapısına qol vurub.

Emin Mahmudovun penalti zərbəsindən sonra dirəyə tuş gələn top daha sonra Rəşad Əzizliyə dəyərək tora qovuşub. Bununla da antirekord rəsmiləşmiş olub.

Xatırladaq ki, bu matça qədər cari mövsümdə 16 avtoqol qeydə alınmışdı.

Bununla da Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlanıb. 1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/15 mövsümündə yaşanmışdı. Həmin vaxt 17 avtoqol qeydə alınıb. Bu antirekord 8 ildən sonra təkrarlanıb.

Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün sonuna cəmi iki tur qalıb. Bu iki turda daha bir avtoqol qeydə alınsa, o zaman mütləq antirekorda imza atılmış olacaq.