Azərbaycan – Slovakiya matçı norveçli hakimlərə tapşırıldı

UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya matçının təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, UEFA Bakıda təşkil olunacaq bu qarşılaşmanı norveçli hakimlərə həvalə edib.

Oyunu FIFA referisi Rohit Saqqi idarə edəcək. Ona yan xətt hakimləri Morten Yensen və Anders Olav Dale kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.

Qeyd edək ki, Rohit Saqqi azərbaycanlı futbolsevərlərə tanış hakimdir. O, daha əvvəl də təmsilçimizin matçına təyinat alıb. 32 yaşlı ədalət təmsilçisi “Neftçi”nin Avropa Konfrans Liqasındakı qarşılaşmasında iş başında olub.

FIFA referisi 2022/2023 mövsümündə “ağ-qaralar”ın Avstriyada “Rapid” (Vyana) klubuna əlavə vaxtda 0:2 hesabı ilə uduzduğu 3-cü təsnifat mərhələsinin cavab oyununu idarə edib. Bakıda rəqibini 2:1 hesabı ilə üstələyən “Neftçi” bu görüşdən sonra avrokubokla vidalaşıb.

Azərbaycan – Slovakiya matçı oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.