Azərbaycan Voleybol Federasiyasının baş katibi istefaya göndərildi

Bu gün – aprelin 12-də Azərbaycan Voleybol Federasiyasının (AVF) yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib. Arena.az xəbər verir ki, görüşdə Voleybol Federasiyasının yeni prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə qurumun prezidenti Şahin Bağırov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda ilk olaraq vaş katib vəzifəsi ilə bağlı müzakirə aparılıb. İdarə Heyətinin qərarı ilə Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib. Yeni qərara əsasən, bu vəzifənin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.

Daha sonra İdarə Heyətinin üzvləri çıxış ediblər. Çıxış edənlər voleybolun inkişafı ilə bağlı müzakirələr aparıblar, federasiyanın qarşısında duran vəzifələrdən, görüləcək işlərdən danışıblar. Bildirilib ki, bu istiqamətdə yeni layihələr hazırlanmalı və voleybolun ölkəmizdə populyarlığının daha da artırılması üçün bir sıra işlər görülməlidir.

Azərbaycan Voleybol Federasiyasının İdarə Heyəti çıxışlar və müzakirələrdən sonra görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edib.

Federasiya prezidenti Şahin Bağırov bu gün qurumun əməkdaşları ilə də görüşüb. O, yeni rəhbər təyin olunduğu federasiyanın hər bir əməkdaşının tutduğu vəzifəsi və gördüyü işlərlə tanış olub.

Qurum rəhbəri federasiyanın cari fəaliyyəti, qarşıda duran vəzifələrdən və gələcək hədəflərdən danışıb, müvafiq tapşırıqlarını verib.

Belə görüşlərin mütəmadi keçiriləcəyini bildirən Şahin Bağırov əməkdaşların suallarını cavablandırıb. Federasiya prezidenti qurumun əməkdaşlarına işlərində uğurlar arzulayıb.

Şahin Bağırov voleybolçularla da görüşüb. O, Voleybol Mərkəzində ölkə çempionatında mübarizə aparan klublarla görüş keçirib. Görüşdə klub rəhbərləri və əməkdaşları, eləcə də oyunçular iştirak ediblər.

Federasiya rəhbəri voleybolçularla söhbət edib, klubların vəziyyəti ilə maraqlanıb. Qarşıdakı işlərlə bağlı qısa məlumat verən Bağırov voleybolçulara və komandalara ölkə birinciliyindəki oyunlarda uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: