Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündə ardıcıl üçüncü məğlubiyyətini alıb.
Arena.az xəbər verir ki, millimiz ötən gecə Tallində Estoniyaya 1:3 hesabı ilə uduzub.
Buna qədər evdə İsveçə 1:3, səfərdə Slovakiyaya 0:2 hesabı ilə məğlub olan komandamız ardıcıl üçüncü dəfə xalsız qalıb. Bu, millimizin turnirdəki antirekordudur.
4-cü dəfə təşkil olunan UEFA Millətlər Liqasında 21-ci matçına çıxan yığmamız indiyə qədər belə uğursuz seriya yaşamamışdı.
Yığmamız həm də ardıcıl üç oyunda qol buraxıb. UEFA Millətlər Liqasının əvvəlki görüşlərində belə uğursuzluq qeydə alınmayıb.
Estoniya ilə oyunun Azərbaycan millisinə təsiri bəlli olub. Tallindəki məğlubiyyət yığmamızın FİFA reytinqinə təsirsiz ötüşməyib. Fernando Santosun yetirmələri Tallində uduzmaqla 7,97 xal itirib. Bu itkidən sonra millimizin reytinq xalları 1165,18-ə düşüb.
Onlayn cədvəldə yığmamız 115-ci yerə düşüb. Bu, iki pilləlik enişə bərabərdir. Son siyahıda millimiz 113-cü olub.
Azərbaycan yığmasının futbolçusu Toral Bayramov da UEFA Millətlər Liqasında ilk qoluna imza atıb. Müdafiəçi Estoniya ilə Tallindəki matçda fərqlənib. O, bu turnirdə qol sevinci yaşayan 12-ci futbolçumuz olub. Bayramova qədər yığmanın 11 üzvü UEFA Millətlər Liqasında fərqlənib.
Toral turnirdəki 5-ci oyununda qol hesabını açıb. UEFA Millətlər Liqasında Ramil Şeydayev, Riçard Almeyda, Renat Dadaşov, Mahir Emreli və Dmitri Nazarov digərlərindən daha çox – hərəyə 2 top vurublar.
Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində oktyabrın 14-də Slovakiya ilə qarşılaşacaq. Bakıda baş tutacaq bu oyuna saat 20:00-da start veriləcək.