Çimərlik futbolu üzrə Azərbaycan yığması Bakıdakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, yığmamız yenə ölkəmizdə təlim-məşq toplanışında olan Türkiyə milli komandası ilə qarşılaşıb.
Su İdman Sarayının çimərlik meydançasında baş tutan oyunun əsas vaxtında qalib müəyyənləşməyib – 4:4. Penalti seriyasını daha dəqiq yerinə yetirən Türkiyə millisi yekunda 5:4 hesablı qələbə qazanıb. Ramil Əliyevin dubl etdiyi oyunda millimizin digər qollarını Comərd Baxşəliyev və İsa Zeynallı vurub.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk oyun da 6:5 hesabı ilə Türkiyə millisinin xeyrinə nəticələnmişdi.
Azərbaycan millisinin hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov
Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Emil Həsənzadə
Kamran Qürbətov
Sonda onu da xatırladaq ki, çimərlik futbol üzrə Azərbaycan yığması aprelin sonu – mayın əvvəli aralığında da Antalyada təlim-məşq toplanışında olmuşdu. Həmin vaxt Türkiyə və Azərbaycan yığmaları arasında üç yoxlama görüşü baş tutmuşdu. İlk iki oyunda türklər 4:3 və 4:2 hesabıyla qalib gəlmişdilər. Sonuncu matçda isə Azərbaycan futbolçuları 4:2 hesablı qələbəyə sevinmişdilər.