Bu gün futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının 2024/2025 mövsümündəki rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, turnirin püşkatma mərasimi Fransanın paytaxtı Paris şəhərində təşkil olunub.
Bakı vaxtı ilə saat 21:00-da başlayan püşkatma mərasimində Azərbaycan yığması C Liqasının 2-ci səbətində yer almışdı. Millimiz həmin liqanın 1-ci, 3-cü və 4-cü səbətindəki komandalarla bir qrupda yer alacaqdı.
Püşk nəticəsində Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniyaya rəqib olub.
Qeyd edək ki, UEFA Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək. Növbəti mövsümün final mərhələsi 2025-ci ilin 4-8 iyununda baş tutacaq.
UEFA Millətlər Liqası
2024/2025 mövsümü
A Liqası
1-ci qrup: Xorvatiya, Portuqaliya, Polşa, Şotlandiya
2-ci qrup: İtaliya, Belçika, Fransa, İsrail
3-cü qrup: Niderland, Macarıstan, Almaniya, Bosniya və Herseqovina
4-cü qrup: İspaniya, Danimarka, İsveçrə, Serbiya
B Liqası
1-ci qrup: Çexiya, Ukrayna, Albaniya, Gürcüstan
2-ci qrup: İngiltərə, Finlandiya, İrlandiya, Yunanıstan
3-cü qrup: Avstriya, Norveç, Sloveniya, Qazaxıstan
4-cü qrup: Uels, İslandiya, Monteneqro, Türkiyə
C Liqası
1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya
2-ci qrup: Rumıniya, Kosovo, Kipr, Litva-Cəbəllütariq cütünün qalibi
3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus
4-cü qrup: Ermənistan, Farer adaları, Şimali Makedoniya, Latviya
D Liqası
1-ci qrup: Litva – Cəbəllütariq cütünün məğlubu, San Marino, Lixtenşteyn
2-ci qrup: Moldova, Malta, Andorra


