Azərbaycanda futbolun inkişafına bu qədər vəsait ayrılıb

Azərbaycanda futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği artıb, Arena.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Qeyd olunub ki, 2022/2023 mövsümündə bu rəqəm 38 milyon manat təşkil edib. 2023/2024 mövsümündə isə sözügedən vəsait bir milyon artaraq 39 milyona çatıb.

Hər iki mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon manat verilib. Birinci Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10) toplamda 3 milyon, milli komandaların saxlanılması üçün 3 milyon manat ödənilib.

Region Liqası və Region Liqa oyunlarının keçirilməsi və VAR lahiyə xərcləri hər iki mövsümdə 1 milyon manat təşkil edib. Cari mövsümdə İkinci Liqadakı 14 kluba ümumilikdə 700 min manat verilib. Menecer və Məşqci korpusunun təhsilinə görə (AFFA-nın nəzdində) 300 min manat xərclənib.

Yeri gəlmişkən, 2023-cü ildə AFFA-nın tərkibində olan federasiyaların, üzvlərin və akademiyaların saxlanılmasına ayrılan vəsaitlər müəyyənləşib. Bu barədə milli assosiasiyanın hesabatında bildirilib.

12 quruma ümumilikdə 3 milyon 39 min 586 manat verilib.

Azərbaycan Futzal Federasiyasına 1 milyon 467 min manat, Futbolun İnkişaf Fonduna 331 min manat, “Turan Tovuz” Futbol Akademiyasına 287 min 354 manat, Regional Futbol Federasiyaları İctimai Birliyinə 286 min 103 manat, Uşaq və Gənclər Futbol Federasiyasına 185 min manat, Futbol Veteranları İttifaqına 167 min manat, Çimərlik Futbolu Federasiyasına 111 min 800 manat, Əlillər Futbol Federasiyasına 94 min 20 manat, Sahə Futbol Federasiyasına 48 min manat, İctimai Futbol Təşkilatları İctimai Birliyinə 38 min 600 manat, Tələbə Futbol Federasiyası 14 min 600 manat, İsgəndər Cavadov adına Akademiyaya 9 min manat vəsait ayrılıb.

İdman obyektlərinə nə qədər vəsait xərclənib?

AFFA-nın balansında olan stadionların, futbol akademiyasının, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlər də müəyyənləşib.

Bu barədə qurumun hesabatında bildirilib. Ümumilikdə idman obyektlərinə 4 milyon 253 min 876 manat xərclənib.

“Dalğa Arena”ya 827 min 427 manat, “Bayıl Arena”ya 455 min 111 manat, Milli Komandaların Məşq Mərkəzinə 336 min 349 manat, Təhsil və Reabilitasiya Mərkəzinə 258 min 960 manat, Binə stadionuna 113 min 493 min manat, Ağsu stadionuna 110 min 367 manat, “Neftçi Arena”ya 22 min 878 manat, Şamaxı şəhər stadionuna 282 min 691 manat, Bakı Olimpiya Stadionuna 392 min 800 manat, Mingəçevir şəhər stadionuna 1 milyon 220 min 800 manat, digər stadionlar və məşq meydançalarına 233 min manat vasait ayrılıb.

Mingəçevir şəhər stadionunda yenidənqurma işlərinin hazırda davam etdiyi diqqətə çatdırılıb.