Bu ilin 17-21 may aralığında Azərbaycanda keçiriləcək bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkatma mərasimi baş tutub. Arena.az xəbər verir ki, mərasim bu gün “Şahdağ” yay-qış turizm mərkəzində təşkil olunub.
İlk dəfədir ki, ölkəmizdə gimnastika növü üzrə mötəbər yarışın püşkatma mərasimi paytaxt Bakıda yox, bölgədə təşkil olunur. Bu, Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü ilə baş tutub.
Tədbirdə Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Yevangeliya Trikomiti, komitə üzvləri Yelena Aliprandi, Yevgeniya Vilyayeva, Eliso Bedoşvili, Aleksanda Piskupesku, İzabel de Kossio, Kristiana Todorova da iştirak ediblər. Həmçinin, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva da mərasim iştirakçıları arasında olub. AGF-nin baş katibi Nurlana Məmmədzadə, idman direktoru Natalya Bulanova və digər nümayəndələr püşkatma mərasiminə qatılıblar.
Xatırladaq ki, Avropa çempionatının Azərbaycanda keçirilməsi barədə qərar ötən il iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş Qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilmişdi. Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq.
Azərbaycan paytaxtı 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.