Azərbaycanda üç idman federasiyası ləğv olundu

Azərbaycanda üç idman federasiyası ləğv olunub. Arena.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bu güm Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirildiyi diqqətə çatdırılıb. İclasın gündəliyinə əsasən, nazirliyin 2022-ci ilin mart ayı üçün perspektiv iş planı müzakirə olunaraq təsdiqlənib.

Ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə, eləcə də müvafiq idman növlərində tələb normalarını yerinə yetirdikləri nəzərə alınaraq bir qrup mütəxəssisə fəxri adların verilməsi qərara alınıb. Onlara “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” və “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adları veriləcək.

İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib. Kollegiyanın qərarına əsasən, aşağıdakı beş federasiya akkreditasiyadan keçib:

“Azərbaycan Şahmat Federasiyası” İB
“Azərbaycan Atıcılıq (stend və güllə atıcılığı) Federasiyası” İB
“Azərbaycan Stolüstü Tennis Federasiyası” İB
“Azərbaycan Triatlon Federasiyası” İB
“Azərbaycan Voleybol Federasiyası” İB

Əvəzində “Azərbaycan Peyntbol Federasiyası” İB, “Otüstü Hokkey Federasiyası” İB və “Azərbaycan Turan Do Federasiyası” İB ləğv olunub. Bu qurumlar fəaliyyət göstərmədikləri üçün akkreditasiyadan keçirilmələri mümkünsüz olduğundan federasiya statusları ləğv edilib.

Sonda nazir Fərid Qayıbov Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin qərarına əsasən, qurumun Fəxri Fərmanı ilə təltif edilmiş, nazirliyin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyovaya həmin mükafatı təqdim edib.