“Azərbaycandan yeni maraqlı təklif gəlsə, burada qala bilərəm”

“Qəbələ”nin yarımmüdafiəçisi Nikolas Raysel Azərbaycandakı karyerası barədə danışıb.

Arena.az xəbər verir ki, o, “Footmercato” nəşrinə açıqlamasında 2020-ci ilin əvvəlində “Qəbələ”yə keçdiyi dönəmi xatırlayıb. Sloveniyalı vinger bildirib ki, ötən mövsümün ilk yarısında yalnız iki oyunda meydana çıxıb:

“Belçikanın “Ostende” klubundakı ilk mövsümdə 7 ay oynamadım, sonra “Ruselare”yə icarəyə veriləndə çox matçda meydana çıxdım. Dizimdə ağrılar yox idi. Mənim üçün həmin an faydalı oldu. Növbəti mövsümdə isə meydan üzü görmədim. Qış transfer pəncərəsi başladı. Belə davam etmək imkansız idi. Həmin vaxt mənimlə Belçika ikinci liqasından maraqlanırdılar. Fransanın II Liqasından belə təklif yox idi. Ancaq üç il əvvəl həmin liqada ən yaxşı oyunçu seçilmişdim. İnsanlar məni bir az unutmuşdular.

Bütün bunlardan uzaqlaşmağa və yeni bir ölkədə sıfırdan nəsə etməyə qərar verdim. Dostum Abdelrafik Jerar “Qəbələ” ilə müqavilə bağlamışdı. O, idman direktoru ilə mənim barəmdə danışdı və videolarıma baxdılar. Onunla söhbətimdə əsl inam hiss etdim və gəlməyimi istədilər. Mənim də istədiyim inam, oyun şansı və yeni başlanğıc idi. Burada yeni başlanğıc üçün hər şey mövcud idi”.

Raysel əyalət təmsilçisindəki ilk oyunlarda yaxşı çıxış etdiyini sözlərinə əlavə edib: “Şəxsən mənim üçün başlanğıc çox yaxşı alındı: 4 oyuna 4 qol vurdum və məhsuldar ötürmə verdim. Amma COVID-19 pandemiyasının ortaya çıxmasından sonra hər şey alt-üst oldu. Çempionat birdəfəlik dayandı və mövsüm erkən yekunlaşdı. Hər şeyə rəğmən, klubum müqaviləmi daha bir il artırmağımı təklif etdi. Özümü burada yaxşı hiss etdiyimdən, sözləşməmi yeniləməyə qərar verdim.

Artıq bir ildir buradayam və hər şey yaxşı gedir. Ardıcıl görüşlər keçirirəm, səhhətimdə və fiziki durumumda problem yoxdur. Öz oyunlarımla Avropa və digər qitələrin klublarının diqqətini cəlb edəcəyimə ümidvaram. Fikrimcə, zədəyədək olan xüsusiyyətlərimi bərpa edə bilmişəm. Bu gün mən bütün təkliflərə açığam. Bu və ya digər kluba, bu və ya digər ölkəyə tüpürə bilmərəm. Keçmiş istedadlı komanda yoldaşlarımdan bəzilərinin pandemiya ilə əlaqədar klubsuz qaldıqlarını, klubların büdcələrini və heyətlərini ixtisara saldıqlarını gördükdə deyə bilmərəm ki, onlara tələbat böyükdür.

Sabah Azərbaycandan yeni maraqlı təklif gəlsə, burada qala bilərəm. Avropa və hətta Fransa klubu maraqlansa, bütün variantları nəzərdən keçirərəm. Bu yay azad agent statusu alacağımdan, bu, üzümə bəzi qapıları aça bilər”.