Azərbaycanın 9 boksçusu Dünya Olimpiya Təsnifat Turnirində

Martın 3-də İtaliyanın Busto Arsizio şəhərində boks üzrə Birinci Dünya Olimpiya Təsnifat Turniri start götürəcək.

Arena.az xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunacaq.

Yığmamızın heyətində bu boksçular yer alacaqlar:

Nicat Hüseynov (51 kq)
Ümid Rüstəmov (57 kq)
Tayfur Əliyev (63,5 kq)
Sərxan Əliyev (71 kq)
Alfonso Dominqes (92 kq)
Marjona Savriyeva (50 kq)
Zeynəb Rəhimova (54 kq)
Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq)
Şəhla Abdullayeva (66 kq).

Turnirdə 114 ölkədən 632 (399 kişi, 233 qadın) boksçunun iştirakı gözlənilir. Yarışda kişi idmançıların mübarizəsində 28, qadınlarda 21 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.

Reqlamentə əsasən, bütün çəki dərəcələrində yarımfinalçılar Fransa paytaxtında iştirak hüququna yiyələnəcəklər. Yalnız qadınlarda 57 kq-da finalçılar və 60 kq-da ilk 3 yer Olimpiya lisenziyasına sahib olacaq.

Kişilərdən ibarət Azərbaycan millisi artıq fevralın 22-dən İtaliyada təlim-məşq toplanışındadır. Qadın boksçularımız isə Busto Arsizioya sabah yollanacaqlar.

Xatırladaq ki, yığmamızın heyətində artıq Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.