Azərbaycanın daha 3 boksçusu Budvada 1/4 finala yüksəldi

Azərbaycanın daha 3 boksçusu Monteneqroda təşkil olunmuş dünya birinciliyində 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya birinciliyində 1/8 final mərhələsinin görüşləri davam edir.

Bu mərhələdə Azərbaycan millisinin daha 3 idmançısı qələbə qazanıb. Belə ki, Tağı Nəsibov (57 kq) Matas Qriqorianasla (Litva) qarşılaşıb. O, döyüşün taleyini ilk raundda həll edib və tam üstünlüklə qələbə qazanıb. Nəsibov 1/4 finalda Erik Arstamyanla (Ermənistan) münasibətinə aydınlıq gətirəcək.

Məhəmmədəli Qasımzadə (60 kq) də növbəti qələbəsini qazanıb. Boksçumuz Armin Santos Mancillanı (Meksika) 4:1 (29:28, 30:27, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, yarımfinala gedən yolda Sandro Spica (Fransa) ilə qüvvəsini sınayacaq.

Aynur Mikayılova (57 kq) da adını 1/4 finala yazdırıb. Boksçumuz Qabriela Ciorobadan (Rumıniya) güclü olub. O, rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Mikayılova növbəti görüşünü Reka Varqa Saraya (Macarıstan) qarşı keçirəcək.

Bununla da dünya birinciliyində 1/4 finala yüksələn boksçularımızın sayı 7-yə yüksəlib. Bir gün öncə öncə Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq) və Əli Abdullayev də bu hüquqa yiyələnmişdilər.

Qeyd edək ki, dünya birinciliyində mübarizəyə oktyabrın 3-də baş tutacaq final qarşılaşmaları ilə yekun vurulacaq.