Azərbaycanın U-21 millisi Moldova ilə heç-heçəyə razılaşdı

Bakıda təlim-məşq toplanışında olan Azərbaycanın U-21 millisi bu gün daha bir yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komandamız beynəlxalq yoxlama oyunu çərçivəsində Moldovanın U-21 yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da baş tutan matçı Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev və Kamran Əliyevdən ibarət yerli hakimlər idarə ediblər. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu matçda hesab açılmayıb və qarşılaşma heç-heçə bitib – 0:0.

Xatırladaq ki, Azərbaycanın U-21 millisi bir neçə gün öncə Premyer Liqa təmsilçisi “Şamaxı” ilə də yoxlama oyunu keçirmiş və 2:3 hesabı ilə məğlub olmuşdu.

Moldova ilə sınaq matçından sonra U-21-in baş məşqçisi Samir Əliyev AFFA-nın rəsmi saytına açıqlama verib. O, qolsuz bitən oyunu belə şərh edib:

“Yeni formalaşan komandayıq, ilk dəfə beynəlxalq səviyyəli oyun keçirdik. Əsas hədəfimiz qısa müddətdə U-21-in heyətini formalaşdırmaqdır. Moldova yığmasına qarşı oyun bizim üçün çox faydalı oldu. Rəqib çox yaxşı təşkilatlanmış, nizam-intizamı yüksək olan komanda idi. Xüsusən müdəfiə xəttində daha diqqətli və intizamlı oynayırdı. Bu cür rəqiblə oyunda müdəfiə xəttini yarmaq çətindir. Buna baxmayaraq, 90 dəqiqə ərzində bir neçə qol imkanı yaratdıq. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik”.