Azərbaycanın veteran cüdoçuları AÇ-ni 11 medalla başa vurdular

Azərbaycanın veteran cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində təşkil olunmuş Avropa çempionatında daha altı medal qazanıblar.

Arena.az xəbər verir ki, usta cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarına ötən gün yekun vurulub.

8-10 iyunda keçirilən çempionatda Azərbaycan cüdoçuları 7 yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunub.

Fərdi yarışların sonuncu günündə M1 və M2 yaş kateqoriyası üzrə 12 cüdoçumuz medallar uğrunda mübarizə aparıblar. M1 yaş kateqoriyası üzrə -66 kq çəkidə Rəşid Şəmizadə və M2 yaş kateqoriyası üzrə +100 kq çəkidə Vasif İbrahimov gümüş medala sahib olub. M1 yaş kateqoriyası üzrə +100 kq çəkidə Qurban Məmmədli, M2 yaş kateqoriyası üzrə -66 kq çəkidə Vüqar Babayev, -73 kq çəkidə Məmməd Məmmədov və +100 kq çəkidə Ruslan Əliyev bürünc medal qazanıblar.

Bununla da Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında qazandıqları medalların sayını 11-ə çatdırıblar. İdmançılarımız yarışda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər. Nəticələrə görə, veteranlarımız çempionatı ümumi hesabda 7-ci, kişilər arasında isə 5-cü yerdə başa vurublar.

Xatırladaq ki, daha öncə bu Avropa çempionatında aşağıdakı cüdoçularımız da medal qazanmışdılar:

M3 yaş kateqoriyası
-81 kq. Zülfüqar Hüseynov – qızıl medal

M4 yaş kateqoriyası
-60 kq. Babək Hacıyev – qızıl medal
-73 kq. Vüqar Budaqov – qızıl medal

M6 yaş kateqoriyası
+100 kq. Qabil Qasımov – bürünc medal

M7 kateqoriyası
-90 kq. Fərhad Rəcəbli – qızıl medal

Azərbaycan yığması Avropa çempionatına bütövlükdə 36 idmamç ilə yollanmışdı. Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: