Azər Bağırov: “Hələ rəqiblərə uyğun oynayırıq”

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hava şəraitinə görə oyun bir az ağır keçdi. İlk hissədə çox qaçdıq. Bilirdik ki, “Qəbələ” daha hazırlıqlıdır. Bəzi çatışmazlıqlarımız oldu. Bu, üç xal bizim üçün çox vacib idi. Tam komanda olaraq 20 gündən artıq vaxtımız keçib. İşimiz çox çətindir. Futbolçulara fərdi olaraq yanaşırıq. Onların motivasiyasını maksimum dərəcəyə gətirmək, yaxşı kollektiv yaratmaq istəyirik. Oyundan-oyuna bunu daha da təkmilləşdirəcəyik. Legionerlər adaptasiya olmalıdır. Hər futbolçunun meydanda öz funksiyası var. Onların hər birinin bütün zonalarda oynamasını istəyirik. Bizim üçün psixoloji amil çox vacibdir”.

Azər Bağırov növbəti turda son çempion “Qarabağ”a qarşı keçirəcəkləri oyundan da söz açıb: “Çempionatda “Qarabağ”la oynamaq hər komanda üçün dərsdir. Hər həftə oyunumuzu təkmilləşdirmək, öz dəsti-xəttimizi yaratmaq istəyirik. Bunun nə qədər vaxt aparacağını bilmirəm. Bu gün rəqiblərə uyğun oynayırıq. Hələ ki, öz futbolumuzu “otuzdura” bilmirik. Bunun üçün vaxt lazımdır. Milli komandaların oyunlarına görə yaranacaq fasilədə buna vaxtımız olacaq”.

“Nən burada olandan “Qəbələ” hələ belə “dişsiz” olmayıb”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Araz Naxçıvan” Premyer Liqada yeni olsa da, bu oyun göstərdi ki, bu komandaya tam məsuliyyətlə və hörmətlə yanaşmaq lazımdır. Son iki oyunda istədiyimiz nəticəni əldə edə bilmirik. Çətinliyin olacağını biz də gözləyirdik. Amma bu qədər çətin olacağını təxmin etmirdik. Təlim-məşq toplanışında daha fərqli komanda idik. Son iki oyunda dinamika azalıb. Komandadan istədiyim tempi görə bilmirəm. Amma heç nə baş verməyib. Davam etmək lazımdır. İnanıram ki, komanda şəklində toparlanıb daha yaxşı olacağıq.

“Sabah”la matçı yorğunluqla əlaqələndirirəm. Amma bu gün heç bir yorğunluqdan şikayətlənə bilmərik. İdmançı oyundan-oyuna artırmalıdır, nəinki enişə getməlidir. Bəli, Avropa Konfrans Liqasında bir hissədə 5-6 epizoda girirdik. Son iki oyunda bu göstərici sıfıra enib. Nəinki bu son iki matç, mən burada olandan “Qəbələ” hələ belə “dişsiz” olmayıb. Xarakter göstərmək önəmlidir.

Hər bir komandanın lideri olmalıdır. Biz də istəməzdik ki, 10 nəfər bizi tərk etsin. Amma futbolun öz reallıqları var. Lideri komanda özü seçməlidir. İnanıram ki, getdikcə lider özünü biruzə verəcək. Potensialı olan futbolçularımız var. Düzələsi çox şeylər var. Ülvi İsgəndərov da bu gün komandanı azlıqda qoyduğu üçün cəzalanacaq. Çünki klubun öz daxili intizam qaydaları var”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: