AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə qarşılaşacaq futbol üzrə Azərbaycan millisi yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız Bakı Olimpiya Stadionunda 21 yaşadək futbolçulardan ibarət milli komanda ilə qarşılaşıb.
Böyüklərdən ibarət millimiz bu oyunda 5:2 hesablı qələbə qazanıb. Mahir Həsənovun avtoqol müəllifi olduğu oyunda millimizin digər qollarını Mahir Emreli, Filip Ozobiç, Musa Qurbanlı və Toral Bayramov vurublar. U-21-in heyətində isə Elçin Qasımov və Ağadadaş Salyanski fərqlənib.
Xatırladaq ki, Azərbaycan millisi Estoniya yığması ilə iyunun 17-də Bakıda qarşılaşacaq. “Dalğa Arena”da baş tutacaq oyuna saat 20:00-da start veriləcək.
U-21 yığmamız isə həmin gün səfərdə Türkiyənin 21 yaşlılardan ibarət millisi ilə yoxlama oyunu keçirəcək.




















