Futbol üzrə Mərakeş milli komandasının yarımmüdafiəçisi Azeddin Unai Fransanın “Anje” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu Marsel “Olimpik”inə transfer olunub.
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Marsel təmsilçisi bu transferə görə “Anje”yə 8 milyon avro ödəyib. Futbolçu ilə müqavilənin müddəti isə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Unai yeni komandasında 8 nömrəli formanı geyinəcək.
Azeddin Unai daha öncə Fransada “Strasburq” və “Avranş”ın B komandasında oynayıb. 2020-ci ildə “Avranş”ın əsas komandasında da oynamağa başlayan yarımmüdafiəçi, bir il sonra 2021-in iyul ayında “Anje”yə transfer olunmuşdu. Mərakeşli yarımmüdafiəçi bu komandada 48 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Ötən ildən Mərakeşin əsas yığmasında forma geyinən futbolçu, artıq 17 oyun keçirib, 2 qola imza atıb.
Unaini satan “Anje” digər yarımmüdafiəçiləri – Antonin Bobişon və Marin Yakolişlə də vidalaşıb. Bobişon “Laval” klubuna transfer olunub. O, yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi anlaşıb. 27 yaşlı yarımmüdafiəçi 2019-cu ilin avqust ayından oynadığı “Anje”də 50 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. “Nim”in yetirməsi olan fransız futbolçu, “Bastiya” və “Nansi”də də forma geinib.
Marin Yakoliş isə Kiprin AEK (Larnaka) klubuna icarəyə verilib. Xorvatiyadan olan 26 yaşlı vinger 2023-cü ilin 31 mayına kimi icarədə çıxış edəcək. Onun Fransa klubu ilə müqaviləsinin müddəti isə 2025-ci ilin yayına kimidir.
Yakoliş 2022-ci ilin yanvarında transfer olunduğu “Anje”də 11 oyuna çıxsa da, heç nə ilə yadda qalmayıb. Xorvat futbolçu daha öncə “Şibenik”, “Hayduk” (Split), “Admira Vakker”, “Rozelar”, “Virton”, “Muskron” və “Şibenik”də də forma geyinib. O, Xorvatiyanın aşağı yaş qrupları üzrə yığmalarında, gənclərdən ibarət millidə forma geyinsə də, əsas komandada oynamaq şansı qazanmayıb.