Aziz Yıldırım: “Prezident seçilsəm, Mourinyonu gətirəcəyəm”

Türkiyənin “Fənərbaxça” klubunun sabiq prezidenti Aziz Yıldırım yenidən İstanbul təmsilçisinin prezidenti postuna namizədliyini irəli sürüb.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

71 yaşlı iş adamı mayın sonlarında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib. O, “TRT Spor”a açıqlamasında hətta portuqaliyalı mütəxəssis Joze Mourinyonu “Fənərbaxça”nın baş məşqçi postuna gətirmək istədiyini də bildirib:

“Fənərbaxça”nın Konqresində namizədliyimi açıqlayacağam. Biz heç kimlə davam etməyəcəyik, sadəcə, “Fənərbaxça”nın böyüklüyünü daha da böyük hala gətirəcəyik. “Fənərbaxça” onsuz da böyükdür. Kiçik toxunuşlarla buraxılmış səhvləri, tribunaları, rəhbərliyi yenidən birləşdirmək istəyirik. Artıq “Fənərbaxça”nın bu saatdan sonra “bizim çocuğumuz” dediyi adlarla davam etmək lüksü yoxdur. Böyük adlarla yola davam etmək lazımdır. Ötən həftə Joze Mourinyo ilə üz-üzə görüşdüm. O da söylədiklərimi məmnuniyyətlə qarşıladı. Görüşlərimiz davam edir. Prezident seçilsəm, Mourinyonu gətiəcəyəm”.

“Sarı-lacıvərdlilər”in sabiq rəhbəri məsələ ilə bağlı bütün sualları mayın 15-də baş tutacaq mətbuat konfransında cavablandırılacaq.

Qeyd edək ki, Aziz Yıldırımın seçkilərdəki əsas rəqibi hazırkı rəhbər Ali Koç olacaq. Ali Koç da bir müddət öncə yenidən prezident seçilmək üçün namizədliyini irəli sürmüşdü.

Aziz Yıldırım 1998-ci ildən 2018-ci ilə qədər “Fənərbaxça” klubunun prezidenti postunda çalışıb. Onun dövründə bu klubun həm futbol, həm də digər komandaları çoxsaylı titullar qazanıb. Amma Aziz Yıldırımın klubdan ayrılmasından etibarən komanda heç bir uğur qazana bilmir.

Sonda onu da xatırladaq ki, “Fənərbaxça”da prezident seçkilərinin vaxtı dəqiq bilinmir.