Azizbek Turqunboyev və Kvensi Meniq “Sivasspor”da

Futbol üzrə Özbəkistan millisinin sol cinah vingeri Azizbek Turqunboyev “Paxtakor”dan ayrılaraq Türkiyənin “Sivasspor” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

29 yaşlı futbolçu azad agent kimi qoşulduğu Sivas təmsilçisi ilə 2025-ci ilin 30 iyununa kimi anlaşıb.

“Navbahor”un yetirməsi olan Azizbek Turqunboyev 2021-ci ildən “Paxtakor”da çıxış edirdi. Təcrübəli futbolçu bu komandada 103 oyuna çıxıb, 17 qol vurub və 14 assistlə yadda qalıb. O, 2018-ci ildən formasını geyindiyi Özbəkistan millisində də 30 oyun keçirib, 4 qol vurub.

“Sivasspor” Xorvatiya yığmasının və “Osiyek”in hücumameyilli yarımmüdafiəçisi Miyo Çaktaşı da heyətinə qatıb. 31 yaşlı xorvat futbolçu da sivaslılarla ilyarımlıq müqaviləyə imza atıb.

Peşəkar karyerasına “Duqopolye”də başlamış Miyo Çaktaş, “Hayduk” (Split), “Rubin” (Kazan), “Damak” kimi klublarda da forma geyinib. 2022-ci ildən “Osiyek”də oynayan yarımmüdafiəçi bu komandada 70 oyuna 24 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Çaktaş, əsas millidə də 1 oyun keçirib.

“Sivasspor” 300 min avro qarşılığında Serbiyanın “Partizan” klubunun sol cinah vingeri Kvensi Meniqi də heyətinə qatıb. Əslən Surinamdan olan niderlandlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Kvensi Meniq “Ayaks”ın yetirməsidir. O, bu komandadan başqa “Zvolle”, “Nant”, “Oldem Atletik”, “Tvente” kimi klublarda da forma geyinib. 2021-ci ildən “Partizan”da çıxış edən vinger Serbiya klubunun heyətində 108 oyuna çıxıb, 22 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

“Sivasspor”un qapıçısı Muammer Yıldırım isə “Samsunspor”a keçib. 33 yaşlı qolkiper azad agent kimi qoşulduğu yeni klubu ilə ilyarımlıq müqavilə imzalayıb.

Muammer Yıldırım 2019-cu ildən formasını geyindiyi “Sivasspor”da 31 oyuna çıxıb, 39 qol buraxıb, 10 oyuna qapısını toxunulmaz saxlayıb. O, daha öncə “Türk Telekom”, “Vanspor”, “Mersin İdman Yurdu”, “Kayserispor” kimi klublarda da oynayıb.