Bədavi Hüseynov: “Bayer”ə ilk məğlubiyyəti Bakıda yaşada bilərik”

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Matçdan sonra Arena.az-a müsahibə verən Ağdam təmsilçisinin kapitanı Azərbaycan derbisində qazandıqları 4:1 hesablı qələbə barədə danışıb:

– Oyun haqda təəssüratlarınız necədir?
– İlk hissə tam istədiyimiz kimi keçmədi. Amma fasilədən sonra oyun daha gərgin idi. Çoxlu hücumlar edirdik. Hesabda önə keçdikdən sonra daha açıq oyun getdi. Yekunda qalib gəldik. Artıq “Bayer”lə oyunu düşünməliyik. Bugünkü görüş həmin matçdan öncə yaxşı təcrübə idi.

– Sizə elə gəlmir ki, “Qarabağ”ın ikinci qolu bu qələbədə həlledici oldu?
– “Neftçi” fərqi azaltdıqdan sonra təzyiqi daha da artırdı. Hesab 2:1 bizim xeyrimizə olanda onlar ard-arda təhlükəli künc zərbələri yerinə yetirirdilər. Buna görə də sona qədər matç çox gərgin alındı. Arxayınlaşmadıq, sona kimi mübarizə apardıq. Məncə, vurduğumuz üçüncü qol həlledici oldu.

– 25 turdan sonra ikinci yerdə olan “Səbail”dən 23 xal fərqi ilə öndə olmağınız barədə nə düşünürsünüz?
– Bəli, fərq çoxdur. Amma arxayınlaşmaq olmaz. Avropada da çıxışımızı davam etdiririk. Eləcə də ölkə kuboku var. Hər matça maksimum dərəcədə köklənmək lazımdır.

– “Bayer”lə oyun öncəsi şanslar barədə nə deyə bilərsiniz?
– Rəqib çox güclüdür. 30-dan çox oyundur ki, uduzmurlar. Daha əvvəl də onlara qarşı oynamışıq. Artıq “Bayer” bizim üçün tanış rəqibdir. Üstün tərəflərini bilirik. Əlimizdən gələni edəcəyik. Rəqibə layiqli müqavimət göstərməliyik. Vuruşacağıq, bütün gücümüzü meydanda qoymalıyıq.

– “Bayer” ilk məğlubiyyətini Bakıda ala bilərmi?
– Niyə də yox? Bütün fikrimizi yalnız qələbəyə yönəltmişik.

Xatırladaq ki, Bədavi Hüseynov “Neftçi” ilə oyunda 90 dəqiqə meydanda olub.

Nahid Ustaclı