“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Avropa Liqasının 1/8 finalında “Bayer”ə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan Ağdam klubunun kapitanı Almaniya Bundesliqasının lideri ilə qarşılaşmadan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabah biz hazırda Avropanın ən yaxşısı olan komandaya qarşı oynayacağıq. Yaxşı oyun göstərmək istəyirik. Son iki matçdan da çox gücü “Bayer”lə görüşdə sərf etməliyik. Psixoloji cəhətdən böyük təzyiq yoxdur. Çünki onlara qarşı bu mövsüm iki dəfə oynamışıq. Baxımlı, yaxşı futbol üçün ən yaxşısını edəcəyik.
Bir neçə gün əvvəl təqdim olunmuş “Qarabağ” FK 30 il səfərdə” filmini çox bəyəndim. Motivasiya sarıdan filmin dəyəri yüksəkdir. “Qarabağ” adi klub deyil. Bu filmdən sonra dünyaya nümayiş etdirməliyik ki, “Qarabağ”ın necə tarixi var. Yaxşı motivasiyadır”.
Bədavi Hüseynov cəzalı olan Julio Romao və Elvin Cəfərquliyevin yoxluğunun “Bayer”lə oyunda nə dərəcədə hiss oluna biləcəyindən də söz açıb, eləcə də Almaniya klubunu qrup mərhələsindəki ilə müqayisə edib:
“Komandada hər bir oyunçunun keyfiyyəti yüksəkdir. Bizdə bir futbolçu olmayanda, digəri onu keyfiyyətli şəkildə əvəz edir. Julio Romao və Elvin Cəfərquliyevin yoxluqları hiss ediləcək. Amma meydana kim çıxsa, ən yaxşısını etməyə çalışacaq.
“Bayer”ə qarşı qrup mərhələsinin oyunlarında öz səhvlərimizi gördük. Bu cür rəqiblər sənin dərhal asan yerlərini göstərir. Onları analiz etmişik. Son matçlar bizə daha çox motivasiya verib. Biz əvvəlki matçlardan daha yaxşı oyun göstərə bilərik. Hansısa anlarda eyni səviyyədə oynamışdıq. Son oyundan sonra səviyyəmiz də qalxıb. Sabah səhvlərə yol verməməyə, inamlı oynamağa çalışacağıq ki, oyunu yaxşı nəticə ilə başa vuraq”.