Bədi gimnastika yığmamız da Bakıdakı AÇ-də tarix yazdı

Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunmuş bədii gimnastika üzrə sayca 39-cu Avropa çempionatına yekun vurulub. Arena.az xəbər verir ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast 5 gün boyunca mübarizə aparıb.

Bu Avropa çempionatı Azərbaycanın qrup hərəkətləri üzrə böyüklərdən ibarət komandasının tarixi medalı ilə yaddaqalan olub. Belə ki, yığmamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina 3 lent və 2 topla hərəkətlərin icrasında qızıl medal qazanıblar. Hansı ki, bu, Azərbaycan gimnastika tarixində qrup komandamızın Avropa çempionatında qazandığı ilk qızıl medaldır.

Beləliklə, Azərbaycan gimnastları bu Avropa çempionatında bütövlükdə 5 medal (1 qızıl və 4 bürünc) qazanıblar. Belə ki, gənclərdən ibarət qrup hərəkətləri komandamız da çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanmışdı. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Zöhrə Ağamirova isə top ilə fərdi yarışda bürünc mükafata layiq görülüb.

Beləliklə, bədii gimnastika üzrə iki dəfə dünya, dörd dəfə isə qitə çempionatına uğurla ev sahibliyi edən Azərbaycan bir daha özünü yüksək təşkilatçı kimi təsdiqləməyi bacardı.