Bədii gimnastika yığmamız Bakıdakı AÇ-nin finalında

Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunmuş bədii gimnastika üzrə sayca 39-cu Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast mübarizə aparır.

Yarışın üçüncü günündə qrup hərəkətləri komandaları arasında çoxnövçülük proqramı üzrə qaliblər müəyyənləşib.

Yığma komandamız bu növdə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət heyətlə mübarizə aparıb. Qrup hərəkətləri üzrə komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüblər.

Bu gün həm də qrup hərəkətləri üzrə komandalar arasında 5 halqa və 3 lent və 2 topla hərəkətlərin icrasında finalçılar müəyyənləşib. Yığmamız bu yarışda da Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda ilə mübarizə aparıb. Yığmamızın üzvləri 5 halqa, 3 lent və 2 topla hərəkətlərin icrasında finala vəsiqə əldə ediblər.

Xatırladaq ki, daha öncə Azərbaycan gimnastı Zöhrə Ağamirova dörd növdə finala vəsiqə qazanmışdı. Yarışın ilk günündə isə Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında (58.450) bürünc medala layiq görülmüşdülər. Onlar 5 topla hərəkətlərin icrasında da (29.000 xal) bürünc medal qazanıblar.

Avropa çempionatında 38 ölkədən 315 gimnast mübarizə aparır. Onlardan 191-i böyüklər, 124-ü isə gənclər arasında qüvvəsini sınayır.

Bədii gimnastika üzrə Avropa çempionatına sabah – mayın 21-də yekun vurulacaq.