Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, “Sabah”ın futbolçusu AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Bir həftədir ki, təlim-məşq toplanışındayıq. Məşqçilərin verdiyi proqram əsasında hazırlıq keçmişik. Komanda olaraq məşqçinin bizdən nə istədiyini anladığımızı düşünürəm. Verilən tapşırıqları, tələb olunanları meydanda yerinə yetirməyə çalışacağıq.
Rəqib haqda əlavə məlumata ehtiyac yoxdur. Demək olar ki, bütün futbolçularını yaxından tanıyırıq, nəyə qadir olduqlarını bilirik. Təlim-məşq toplanışında Portuqaliyanın oyunlarını detallı şəkildə, bizim bilmədiyimiz nüansları məşqçilərin vasitəsilə analiz etmişik.
Sabah dünyanın ən yaxşı futbolçularına qarşı oynayacağıq. Hər bir futbolçu üçün çox məsuliyyətli oyundur. Baş məşqçi şans verəcəyi təqdirdə, əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Özümüzü sübut etmək baxımından bu oyun bizim üçün bir şansdır”.


