“Qarabağ” klubunun mərkəz müdafiəçisi Bəhlul Mustafazadə futbol üzrə Azərbaycan milli komandasının heyətindən çıxarılıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, Azərbaycan milli komandasının heyətində növbəti dəyişiklik baş verib. Belə ki, Bəhlul zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzində hələlik yığmaya yeni futbolçu dəvət olunmayıb.
Xatırladaq ki, daha öncə “Sabah”ın kapitanı Elvin Camalov zədələndiyi üçün millinin heyətindən çıxarılmdı. Onun əvəzində “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev yığmaya cəlb olunmuşdu.
Qeyd edək ki, milli komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması ilə qarşılaşacaq. Oktyabrın 14-də isəA Azərbaycan millisi Bakıda Slovakiya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan yığmasında 2019-cu ilin sentyabr ayında debüt etmiş Bəhlul Mustafazadə indiyə qədər millimizin heyətində 32 oyuna çıxıb, 1 qola imza atıb. O, 2021-ci ilin iyul ayından “Qarabağ”da çıxış edir. Milli üzvü Ağdam klubunun heyətində 108 oyun keçirib, 4 qola imza atıb. 27 yaşlı futbolçu daha öncə “Sabah”, “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib.


