Bəxtiyar Həsənalızadə “Bandırmaspor”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 31-ci turu çərçivəsində baş tutan “Bandırmaspor”la oyunun iştirakçısı olub.

Futbolçumuzun komandası səfərdə baş tutan bu qarşılaşmada heç-heçə ilə kifayətlənib – 1:1. “Tuzlaspor” 39-cu dəqiqədə məğlub duruma düşsə də, 62-ci dəqiqədə bərabərlik qolunu vurmağı bacarıb.

Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb. O, 90+2-ci dəqiqədə sarı vərəqə də alıb.

“Tuzlaspor” hazırda 33 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 19 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.