Bəxtiyar Həsənalızadə “Sabah”dan getdi – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında ötən mövsümün gümüş mükafatçısı “Sabah” müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, futbolçu ilə mövsümün sonunda müddəti başa çatan müqavilə yenilənməyib. Bəxtiyara göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə 2021-ci ilin yanvar ayından “Sabah”ın üzvü idi. O, paytaxt komandasında çıxış etdiyi müddətdə 58 oyun keçirib, 3 qola imza atıb, eyni sayda da məhsuldar ötürmə ilə yadda qalıb.

Bəxtiyar daha öncə “Sumqayıt” və “Zirə”də də forma geyinib. O, Azərbaycan milli komandasında da 3 oyun keçirib.

“Sabah” daha öncə Abdulaye Ba və Zurab Oçiqava ilə də yollarını ayırmışdı. Əvəzində klub Rəhman Daşdəmirov, Sofian Çakla, Jarl Marqaritanı transfer edib. Şakir Seyidov isə “Turan Tovuz”dan icarədən qayıdıb.