Badri Kvaratsxeliya Xviçanın “Napoli”dəki gələcəyi haqda danışdı

“Napoli”nin gürcü vingeri Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya oğlunun Neapol klubundakı gələcəyi ilə bağlı fikirlərini paylaşıb.

Arena.az Badri Kvaratsxeliyanın bu barədə fikirlərini təqdim edir:

“Məncə, o, növbəti mövsümdə “Napoli”də qalmağa qərar verəcək. Yalnız o, “Napoli”də qalıb-qalmamaq seçimini edə bilər. Mən onun istənilən qərarına hörmət edəcəyəm və qəbul edəcəyəm”, deyə ata Kvaratsxeliya bildirib.

Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 77 oyuna çıxıb, 22 qol və 23 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsüm Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 28 oyuna 15 qol vurub, 7 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.