Badu Ndiaye və Ahmed Hassan Super Liqa klublarını dəyişdilər

Seneqal millisinin mərkəz yarımmüdafiəçisi Badu Ndiaye “Adana Dəmirspor”dan ayrılaraq Türkiyənin digər klubu “Pendikspor”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb. O, “Pendikspor”a azad agent kimi qoşulub.

Badu Ndiaye 2022-ci ilin iyul ayından “Adana Dəmirspor”da forma geyinirdi. O, Super Liqa təmsilçisində 44 oyuna 8 qol vurub, 5 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu Türkiyədə daha öncə “Qalatasaray”, “Trabzonspor”, “Osmanlıspor”, “Fatih Karagümrük”ün də formasını geyinib. Karyerası ərzində “Bodo Qlimt”, “Aris” (Saloniki), “Stok Siti”, “Əl-Əyn” klublarında da oynamış Ndiaye Seneqal millisində 32 oyuna çıxıb, 2 qolla yadda qalıb.

“Pendikspor”un misirli hücumçusu Ahmed Hassan da Super Liqanın digər təmsilçisi “Alanyaspor”a keçib. 30 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb. O, cari mövsümün əvvəlində müqavilə bağladığı “Pendikspor”da cəmi 5 oyuna çıxıb və 3 qol vurub. Misirli futbolçu daha öncə 2022/2023 mövsümündə də “Alanyaspor”da forma geyinib. O, karyerası ərzində “Braqa”, “Rio Ave”, “Olimpiakos”, “Konyaspor” kimi klubların da uğurları üçün çalışıb. Ahmed Hassan Misir yığmasında keçirdiyi 32 oyunda 6 qola imza atıb.

“Alanyaspor” İngiltərənin “Nottingem Forest” klubunun və Cənubi Koreya yığmasının hücumçusu Ui-Jo Hvanqı da heyətinə qatıb. 31 yaşlı forvard satınalma şərti olmadan bu mövsümün sonuna kimi icarəyə götürülüb.

Hvanq 2022-ci ildən formasını geyindiyi “Nottingem Forest”də heç bir rəsmi oyuna çıxmayıb. Buna səbəb onun həmin dövrdən “Olimpiakos”, “Seul”, “Norviç Siti” kimi klublara icarəyə verilməsidir. Cənubi Koreya yığmasında 62 oyuna 19 qol vurmuş futbolçu “Seonqnam”, “Bordo”, “Qamba Osaka” kimi klubların da şərəfini qoruyub.

“Alanyaspor”un hücumçusu Serxio Kordova isə “Soçi”yə keçib. Rusiya klubu 26 yaşlı futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Serxio Kordova mövsümün əvvəlindən formasını geyindiyi “Alanyaspor”da 21 oyuna 3 qol vurub, 2 assist edib. Venesuela yığmasında da 18 oyun keçirmiş futbolçu “Auqsburq”, “Solt Leyk Siti”, “Vankuver”, “Arminiya” (Bilefeld) və “Karakas”da da oynayıb.