Bağırov, Hacıyevlər və Məsimov da “Turan Tovuz”da qaldı

“Turan Tovuz” futbolçuları Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu oyunçuların hər biri ilə sözləşmə daha 1 il müddətinə artırılıb. Onlar 2023/2024 mövsümünün sonunadək bu komandanın şərəfini qorumağa davam edəcəklər.

Səbayıl Bağırov 2019-cu ildən “Turan Tovuz”da çıxış edir. 28 yaşlı dayaq yarımmüdafiəçisi geridə qalan mövsümdə bu komandanın heyətində 14 oyun keçirib.

Qapıçı olan 28 yaşlı Mehman Hacıyev Tovuz klubunun əvəzedici komandasının üzvü olsa da, geridə qalan mövsümdə əsas komandada da 2 oyuna çıxıb.

Faiq Hacıyev 2021-ci ildə “Qəbələ”dən “Turan Tovuz”a keçib. 24 yaşlı sağ cinah müdafiəçisi bu komandada 16 oyuna çıxıb, 1 qol vurub.

Vüsal Məsimov da 2022-ci ilin iyul ayında “Qəbələ”dən Tovuz klubuna gəlib. 23 yaşlı sol cinah müdafiəçisi əyalət təmsilçisində cəmi 11 oyuna çıxıb.

“Turan Tovuz”da daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov və Ehtiram Şahverdiyevlə də yeni müqavilə imzalandığı açıqlanmışdı. Henri Okebuqvu isə əyalət təmsilçisindən ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: