“Şamaxı” ötən mövsümü “Səbail”də icarədə keçirmiş yarımmüdafiəçi Bahadur Həziyev ilə yenidən yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Bahadur “İmişli”yə icarəyə verilib. O, qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.
Xatırladaq ki, Həziyev geridə qalmış mövsümdə “Səbail”in heyətində 20 oyuna çıxıb və 1 assistlə yadda qalıb. 25 yaşlı futbolçunun “Şamaxı” ilə 2025-ci ilin 30 iyununa kimi qüvvədə olan müqaviləsi var. Onun “Şamaxı” karyerası da 47 oyun, 3 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
“Neftçi”nin yetirməsi olan Bahadur Həziyev MOİK-də də forma geyinib. O, 2019-cu ildə MOİK-dən “Səbail”ə keçib, bu klubun əvəzedicilərində və əsas komandasında oynayıb. Həziyev 2021-ci ilin fevralında “Səbail”dən azad agent kimi ayrılaraq “Şamaxı”ya keçib.
Bahadur Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynayıb, əsas millimizdə isə debüt şansı qazanmayıb.
“Şamaxı” bu yay yeni müqavilə bağladığı gənc qapıçısı Sahib Həsənovu da “Difai Ağsu”ya icarəyə vermişdi.
Yenidən Premyer Liqaya qayıtmış əyalət klubu Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov, Kənan Quliyev, Cəlal Cəbrayılov və Abbas Ağazadə ilə də yollarını ayırmışdı.
Əvəzində Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Rauf Rüstəmli (“Sabah”, icarə), Belaydi Pusi (“Turan Tovuz”), Brahim Konate (“Hapoel”, Afula, İsrail), Georgi Kantariya (“Nejmeh”, Livan), Rikardo Fernandes (“Torreense”, Portuqaliya), Kamal Bayramov (“Turan Tovuz”), Fəxri Məmmədli (“Sabah”, icarə), Vasili Radenoviç (QOŞK, Bosniya və Herseqovina), Conatan Benteke (“Union Titus Petange”, Lüksemburq) və Vasili Bakiç (“Radniçki”, Serbiya) “Şamaxı”ya cəlb olunub. Səbayıl Bağırov, Abdulla Seydəhmədov və Emin Zamanovla da yeni müqavilə imzalanıb.