Bakı Olimpiya Stadionu ÇL-in finalına ev sahibliyi edə bilər

Bakı Olimpiya Stadionu 2027-ci ildə futbol üzrə UEFA Çempionlar Liqasının final oyununa ev sahibliyi edə bilər.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

AFFA ölkənin ən böyük arenasının namizədliyi ilə bağlı UEFA-ya müraciət edib.

Xəbərdə bildirilir ki, Bakı ilə yanaşı, İspaniyanın paytaxtı Madrid də eyni ildə qitənin ən nüfuzlu klub turnirini təşkil etməkdə maraqlıdır. İspanlar həlledici qarşılaşmanı “Metropolitano” stadionunda keçirməyi planlaşdırırlar.

Rəsmi müraciətlər 19 mart 2025-ci ilə qədər təqdim olunmalıdır.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi final qarşılaşmasının ev sahibini 2025-ci ilin mayında seçəcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu 2015-də baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilib. Arena bu yarışın açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi edib. Bu stadionda futbol üzrə Avropa çempionatının (AÇ-2020) qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin 1 oyunu keçirilib. 2019-cu ildə isə arena UEFA Avropa Liqasının finalına ev sahibliyi edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: