Bu gün Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə sayca 39-cu Avropa çempionatına start verilib. Arena.az xəbər verir ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast mübarizə aparacaq.
Onlardan 191-i böyüklər, 124-ü isə gənclər arasında qüvvəsini sınayacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər.
Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.
Azərbaycan bu qitə çempionatında fərdi gimnastlar Zöhrə Ağamirova və İlona Zeynalova, eləcə də böyüklərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina təmsil edəcəklər.
Bədii gimnastika üzrə Avropa çempionatına mayın 21-də yekun vurulacaq.