Bakıda dünya çempionatının açılış mərasimi keçirildi

Bakı Kristal Zalında təşkil olunmuş taekvondo üzrə sayca 26-cı dünya çempionatının açılış mərasimi keçirilib.

Arena.az xəbər verir ki, mundialın açılış mərasimini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyiblər.

Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşüblər.

Çunqvon Çu birinci xanım Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim edib. Dövlətimizin başçısı və birinci xanım Dünya Taekvondo Federasiyasının prezidenti ilə söhbət ediblər.

Sonra taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirilib. Açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı olub. Ardından Dünya Taekvondo Federasiyasının himninin sədaları altında qurumun bayrağı səhnəyə gətirilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra hakimlər, idmançılar və məşqçilərin andiçmə mərasimi olub. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsipinə və ideallarına riayət edilməsinin ən yüksək prioritet olduğunu bir daha xatırladıb.

Mərasimdə çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıda olmaqdan və dünya çempionatının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib. O,
Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində taekvondonun ölkəmizdə geniş populyarlıq qazandığını vurğulayıb. Çunqvon Çu bildirib ki, bu diqqət nəticəsində illər ərzində Azərbaycan taekvondoçuları müxtəlif yarışlarda medallar qazanıblar. Prezident İlham Əliyevin Dünya Taekvondosunun 6-cı dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif olunduğunu xatırladan Çunqvon Çu Birinci-vitse prezident Mehriban xanım Əliyevanın da 8-ci dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif edilməsindən məmnunluğunu ifadə edib. O, Bakıda keçirilən 26-cı dünya çempionatının tarixdə uğurlu və mötəbər tədbir kimi qalacağına ümidvar olduğunu bildirib.

İştirakçı ölkələrin və idmançıların sayına görə rekord

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxışında taekvondoçularımızın mötəbər beynəlxalq yarışlarda uğurlu çıxışları, iradə və əzmkarlıqları ilə zirvələri fəth etdiklərini vurğulayıb. Heydərov 100 illik yubileyinin geniş qeyd olunduğu Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə idmana daim yüksək diqqət və qayğı göstərdiyini xatırladıb. Hazırda Azərbaycan beynəlxalq idman aləmində nüfuzlu idman ölkəsi kimi tanınır. Federasiya prezidenti dünya çempionatının təşkilini və Dünya Taekvondosunun 50 illiyinin qeyd olunmasını Azərbaycana həvalə etdiyi üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib. O, həm iştirakçı ölkələrin, həm də idmançıların sayına görə rekord göstəricinin qeydə alındığı bu çempionatın Bakıda keçirilməsinin taekvondonun Azərbaycanda təbliği işinə böyük təkan verəcəyini deyib.

Sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə 26-cı dünya çempionatını açıq elan edib.
Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Ümummilli Liderin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına diqqət və qayğısını əks etdirən film nümayiş olunub.

Dünya çempionatının açılış mərasimi bədii hissə ilə davam edib.