Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək

Sentyabrın 28-də Bakı şəhərində boks üzrə Beynəlxalq Boks Assosiayasının (İBA) Çempionlar Gecəsi təşkil olunacaq.

Arena.az bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq.

Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kq-da Avropa çempionumuz Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq, Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.

İBA Çempionlar Gecəsində üçqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+92 kq) da rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.

İBA Çempionlar Gecəsi saat 18:00-da start götürəcək.