Bakıdakı dünya çempionatı başladı: Ağayevin cəhdi uğursuz oldu

Bu gün – mayın 29-da Azərbaycanda, Bakı Kristial Zalında təşkil olunmuş taekvondo üzrə dünya çempionatı start götürüb.

Arena.az xəbər verir ki, ilk yarış günü saat 09:00-da başlayıb.

Mundialın ilk günündə kişilər 68 kq, qadınlar isə 57 kq-da qüvvəsini sınayacaqlar. Çəkilər üzrə kişilərin yarışında 87, qadınlarda 59 idmançı mübarizə aparacaq.

Bu gün Azərbaycan millisinin də bir üzvü dayanq üzərinə çıxıb. 68 kq çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev 1/32 finalda Eldar Kurmanaliyev (Qırğızıstan) ilə üz-üzə gəlib. O, bu görüşdə 2:0 hesabı ilə qələbə qazanıb. İdmançımız növbəti döyüşündə çinli Çenminq Xiao ilə qüvvəsini sınayıb. Bu rəqibinə məğlub olan Azərbaycan taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb.

Xatırladaq ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Yarışda 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparırlar. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.