Bakıdakı dünya çempionatında ilk günün qalibləri bilindi

Bakı Kristal Zalında təşkil olunmuş taekvondo üzrə sayca 26-cı dünya çempionatında ilk yarış gününə yekun vurulub.

Arena.az xəbər verir ki, mundialın ilk günündə 2 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Kişi taekvondoçular arasında 68 kq çəkidə dünya çempionu tituluna böyük britaniyalı Bredli Sinden yiyələnib. O, finalda cənubi koreyalı Ho-jun Jini məğlub edib. Matin Rezayi (İran) və Ulubek Raşitov (Özbəkistan) bürünc medala sahib olublar.

Bu çəkidə dayanq üzərinə çıxan azərbaycanlı taekvondoçu Cavad Ağayev 1/16 finalda mübarizəni dayandırıb. O, 1/32 finalda Eldar Kurmanaliyev (Qırğızıstan) üzərində 2:0 hesabı ilə qalib gəlsə də, növbəti döyüşündə çinli Çenminq Xiaoya uduzub.

Qadınlar arasında 57 kq-da Luana Marton (Macarıstan) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Çia-Linq Lo (Tayvan) gümüş medal əldə etdiyi halda, Kubra İlgin (Türkiyə) və Mariya Paçeço (Braziliya) 3-cü olublar.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-nə qədər davam edəcək dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) idmançılardan ibarət heyətlə qatılıb.

Sabah daha 2 taekvondoçumuz mübarizəyə qoşulacaq

Dünya çempionatının ikinci günü kişi idmançılar 58 kq-da, qadınlar 67 kq və 73 kq-da medalçıları müəyyənləşdirəcəklər. Artıq ikinci günün püşkü atılıb. Püşkə əsasən Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib. 58 kq çəkidə dayan üzərinə çıxacaq Qaşım Maqomedov ilk mərhələdən azaddır. O, 1/32 finalda Kay Çenq (Çin) – Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

Komandamızın lideri Fəridə Əzizova (67 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, ilk qarşılaşmasında Kristina Teaçot (ABŞ) – Justina Koşalkovska (Polşa) cütünün güclüsünü sınağa çəkəcək.
Sabah bu 2 çəki dərəcəsi üzrə, həmçinin qadınlarda 73 kq-da keçiriləcək döyüşlər saat 09:00-da başlayacaq.