Azərbaycanda, Bakı Kristal Zalında təşkil olunmuş taekvondo üzrə dünya çempionatında üçüncü yarış gününə yekun vurulub.
Arena.az xəbər verir ki, döyüşlərin yekununa əsasən daha 3 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Kişilər arasında 80 kq çəki dərəcəsində finalda Simone Alessio (İtaliya) Karl Alan Nikolasla (ABŞ) üz-üzə gəlib. İtaliyalı taekvondoçu qalib gələrək qızıl medala yiyələnib. Nikolas ikinci yerdə qərarlaşdığı halda, Seif Eyissa (Misir) ilə Migel Treyos (Kolumbiya) bürünc medala layiq görülüblər.
87 kq-da mundialın ən güclüsü Çanqhyun Kanq (Cənubi Koreya) olub. Gümüş medalı İvan Sapina (Xorvatiya), bürünc mükafatları Artyom Plonis (dünya taekvondosu) və Arian Salimi (İran) qazanıb.
Qadın taekvondoçuların 49 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə Merve Dincel (Türkiyə) qalxıb. O, finalda Panipak Vongpattanakiti (Tailand) məğlub edib. 3-cü yeri Bruna Duvançiçi (Xorvatiya) və Adriana Serezo İqlesias (İspaniya) tutublar.
Xatırladaq ki, bu çəki dərəcələrində Azərbaycan millisinin idmançılarından Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) 1/8 finalda mübarizəni dayandırıblar. Əvvəlki günlərdə millimizin digər üzvləri – Cavad Ağayev (68 kq), Qaşım Maqomedov (58 kq) və Fəridə Əzizova (67 kq) da mübarizəni erkən dayandırmışdılar.
Sabah – yarışın dördüncü günündə daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Azərbaycan yığmasının üzvlərindən biri dayanq üzərinə çıxacaq. 63 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Xanoğlan Kərimov debüt görüşündə Alfredo Martinslə (Portuqaliya) qarşılaşacaq. Döyüş 1/64 final mərhələsinə təsadüf edəcək.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-nə qədər davam edəcək dünya çempionatında 145 ölkədən 949 taekvondoçu iştirak edir. 16 çəki dərəcəsində dünya çempionu olacaq idmançılar aktivinə 140 reytinq xalı əlavə edəcəklər.
Sonrakı günlərdə millimizin digər üzvləri Səyyad Dadaşov (54 kq), Eltac Qafarov (74 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (53 kq) və Fatimə Məcidova (62 kq) da qüvvəsini sınayacaqlar.