Bakıdakı dünya kubokunda 600-dən çox idmançı iştirak edəcək!

Bakıda keçiriləcək atıcılıq üzrə dünya kubokunda bu günə qədər edilmiş müraciətlərə əsasən, 61 ölkədən 605 idmançı iştirak edəcək. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.

Yarış mayın 8-dən 15-nə qədər Bakı Atıcılıq Mərkəzində keçiriləcək. İndiyədək edilən müraciətlərə görə, atletlərlə yanaşı, yarışlara 300 nəfər texniki heyət qatılacaq.

Builki dünya kubokunda atletlər güllə atıcılığı üzrə 10 növdə yarışacaqlar. Yarışda ümumilikdə 36 medal oynanılacaq.

Yarışlar peyk vasitəsilə birbaşa translasiya ediləcək və Beynəlxalq Atıcılıq İdman Federasiyasının səhifəsində yayımlanacaq.

AAF-ın baş katibini dinləyək: “Builki dünya kubokunun yarış növlərinin və oynanılacaq medalların sayı ötən ilkindən 3 dəfə azdır. Amma iştirak edən ölkə və idmançıların sayı əvvəlkinə çox yaxındır. Buna səbəb atletlərin dünya kubokuna bir neçə ay sonra Bakıda keçiriləcək dünya çempionatına sınaq yarışı kimi yanaşmasıdır”.

Emin Cəfərov Azərbaycan Atıcılıq Federasiyası və Bakı Atıcılıq Mərkəzinin dünya kubokuna tam hazır olduğunu bildirib. O, dəstək üçün könüllülərin də bu yarışa cəlb edildiyini vurğulayıb.

Xatırladaq ki, ötən il Bakıda keçirilmiş atıcılıq üzrə dünya kubokuna həm güllə, həm də stend atıcılığı üzrə dünyanın 66 ölkəsindən 700 atlet qatılıb. 28 may – 7 iyun tarixlərində keçirilən yarışlarda 30 növdə 94 medal oynanılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: