Bakıda təşkil olunmuş taekvondo üzrə dünya çempionatının ikinci günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olub.
Arena.az xəbər verir ki, kişi taekvondoçular arasında 58 kq, qadınlarda 67 kq və 73 kq-da yarışın ilk “üçlüy”ü müəyyənləşib.
58 kq çəkidə mundialın ən güclüsü cənubi koreyalı Jun-Seo Bae olub. O, finalda Georgi Qurtsiyevi (Dünya Taekvondosu) məğlub edərək dünya çempionu adını qazanıb. Bürünc mükafatlar Adrian Visente Yunta (İspaniya) və Mahmud Altarireyə (İordaniya) qismət olub.
67 kq-da qızıl medala fransalı Maqda Viet-Henin yiyələnib. İkinci yeri Yulyana Al-Sadiq (İordaniya) tutduğu halda, üçüncü pilləni Mari Romundset Nilsen (Norveç) və Rut Qbaqbi (Fil Dişi Sahili) qapayıblar.
73 kq-da mundialın çempionu Altea Laurin (Fransa) olub. O, həlledici görüşdə Rebekka Makqovanı (Böyük Britaniya) məğlub edib. Bürünc medallara isə Polina Xan (Dünya Taekvondosu) və Matea Yeliç (Xorvatiya) yiyələniblər.
Sabah daha 3 taekvondoçumuz DÇ-də qüvvəsini sınayacaq
Azərbaycan yığmasının heyətində bu gün qüvvəsini sınayan Qaşım Maqomedov (58 kq) və Fəridə Əzizova (67 kq) müvafiq olaraq, 1/32 və 1/16 finalda məğlub olub. İlk yarış günündə millimizin digər üzvü Cavad Ağayev (68 kq) də 1/16 finalda mübarizəni dayandırmışdı.
Sabah – martın 31-da daha 3 çəki dərəcəsində (kişilər 80 kq, 87 kq, qadınlar 49 kq) döyüşlər keçiriləcək. Azərbaycan millisinin üç üzvü də mübarizəyə qoşulacaq. Ələsgər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibinə qarşı keçirəcək. 87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) cütünün güclüsü ilə qüvvəsini sınayacaq. Patimat Abakarova (49 kq) da ilk mərhələdən azaddır. O, 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibini sınağa çəkəcək.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Bakı Kristal Zalında təşkil keçirilən və iyunun 4-nə qədər davam edəcək dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb. 16 çəki dərəcəsində dünya çempionu olacaq idmançılar aktivinə 140 reytinq xalı əlavə edəcəklər.
Milli komandamızın heyətində qarşıdakı günlərdə Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Eltac Qafarov (74 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (53 kq) və Fatimə Məcidova (62 kq) da qüvvəsini sınayacaq.