2024-cü ilin birinci yarısında “Barselona” texniki sponsoru “Nike”nin razılığı olmadan təxminən 150 min ədəd köynək istehsal edib.
Arena.az “Radio Catalonia” radiosuna istinadən məlumat verir ki, bu, “blauqrana”nın amerikan şirkəti ilə hələ yeni əməkdaşlıq müqaviləsi bağlamamışdan əvvəl baş verib.
Mənbənin məlumatına görə, Kataloniya klubu digər brendlərlə əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyi müddətdə öz hesabına 150 min köynək istehsal edib. Onların hər biri kluba 10 avro məbləğ müqabilində başa gəlib. Bu qış “Barselona” yenidən “Nike” ilə müddəti 2038-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb və indi klub, istehsal edilmiş köynəklərlə nə edəcəyini bilmir.
Kataloniya nəhənginin, bu köynəkləri satmaq və hətta pərəstişkarlarına yaymaq üçün “Nike”dən müvafiq icazə alması gərək olduğu vurğulanır. Amerikan şirkəti “Barselona”ya bu köynəkləri satmağa icazə verməsə, Kataloniya klubu 1,5 milyon avro məbləğində ziyan gözləyir.
Vurğulanır ki, hüquqi baxımdan “Nike” öz maraqları çərçivəsində belə bir icazəni verməyə bilər.



