“Barselona” Adama Traoreni icarəyə götürdü

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Vulverhempton” klubundan Adama Traoreni heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçu mövsümün sonuna qədər icarə əsasında “Barselona”da çıxış edəcək.

“Barselona” yayda Traorenin transfer hüquqlarını da ala bilər. Kataloniyalılar bunun üçün İngiltərə klubuna 30 milyon avro ödəməli olacaqlar. Futbolçunun özü ilə isə 5 illik müqavilə imzalanacaq.

Adama Traore “Barselona”nın öz yetirməsidir. Kataloniya təmsilçisi 2015-ci ildə onu İngiltərənin “Aston Villa” klubuna satmışdı. 2016-2018-ci illər aralığında “Midlsbro”da çıxış edən ispaniyalı futbolçu, 2018-ci ildən “Vulverhempton”da oynayırdı. “Vulverhempton”un 18 milyon avroya transfer etdiyi vingerin bu klubla 2023-cü ilin yayına qədər müqaviləsi var. O, bu komandada 154 oyuna çıxıb, 11 qola imza atıb. Traore İspaniya yığmasında da 8 oyuna çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: