“Barselona” çarəsiz, Messisevərlər üzgündürlər…

Barselona”nın rəhbərliyi Fransanın PSJ klubundan ayrılmış Lionel Messinin kluba qayıtmasının çətin olduğunu etiraf edib.

Arena.az “Mundo Deportivo”nun Kataloniya klubundakı agentinə istinadən xəbər verir ki, Joan Laportanın Xorxe Messi ilə son görüşünə və həmçinin La Liqanın “Barselona”nın iqtisadi planını təsdiqləməsinə rəğmən, argentinalı ulduzla müqavilə bağlamaq “çox çətin” olacaq.

Bu şəraitdə İspaniya nəhənginin Messinin mümkün davranışı ilə bağlı qərarı haqda heç də nikbin əhvali-ruhiyyədə olmadığı bildirilir.

Kataloniya klubu Messiyə təklif ünvanlayıb. Lakin müqaviləni kağız üzərində təsdiqləmək üçün klub ilk növbədə La Liqaya göndərilən iqtisadi planının icrasına nail olmalıdır. Bu isə zaman tələb edən məsələdir və həmçinin “hər şeyin uyğunlaşması gərəkdir”. Ola bilsin ki, keçmiş komandasına qayıtmaq üçün Messi cari yay transfer pəncərəsinin bağlanmasını gözləməli olsun. Leonun isə müvafiq addıma hazır olmadığı deyilir. Messi karyerasını harada davam etdirəcəyinə ən qısa zamanda qərar vermək istəyir.

Vurğulanır ki, “Barselona” sabiq argentinalı ulduz hücumçusu uğrunda mübarizədə demək olar ki, əlacsız qalıb.

Hazırda Messiyə MLS-dən “İnter Mayami” və Səudiyyə Ərəbistanından “Əl-Hilal” konkret təkliflərlə iddialıdır. Daha əvvəl, yayılmış məlumata görə, Messi “İnter Mayami”yə keçə, oradan isə icarə əsasında “Barselona”ya yollana bilər. Belə bir variantı Kataloniya klubu diqqətində saxlayır.

Messinin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatır və o, azad agentə çevriləcək. Futbolçunun Paris klubundan ayrılacağı rəsmən təsdiqini tapıb.