İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Çelsi” komandasından ayrılan Andreas Kristenseni transfer edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı danimarkalı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Onu bu 4 il ərzində heyətinə qatmaq istəyən klub Kataloniya təmsilçisinə 500 milyon avro təzminat ödəməlidir.
Andreas Kristensen “Çelsi”nin öz yetirməsidir. O, peşəkar karyerasına da 2014-cü ildə məhz London klubunda başlayıb. Danimarkalı futbolçu 2015-2017-ci illər aralığında Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasında icarədə də oynayıb. Mərkəz müdafiəçisi “Çelsi”nin əsas komandasında keçirdiyi 6 mövsüm ərzində 161 matça çıxıb. O, bu görüşlərdə 2 qol da vurub. Futbolçu Danimarka yığmasında çıxdığı 56 oyunda da 2 qola imza atıb.
Xatırladaq ki, “Barselona” bu gün İtaliya “Milan”ından ayrılmış Frank Kessyeni də transfer etdiyini açıqlamışdı. Kristensen kimi, ona da 500 milyon avro qiymət qoyulub.


