“Barselona” Daniel Alvesi klubun əfsanəsi adından məhrum etdi

“Barselona” komandanın sabiq futbolçusu, braziliyalı sağ cinah müdafiəçisi Daniel Alvesi klubun əfsanəsi adından məhrum edib.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

Kataloniya klubu bu qərarını Daniel Alvesin zorlamaya görə 4,5 il müddətinə azadlıqdan məhrum edilməsindən sonra qəbul edib.

Mənbənin məlumatına görə, “Barselona” ilk vaxtlarda Daniel Alvesin mümkün təqsirsizliyi məqamını diqqətə alaraq, müvafiq qərarı verməkdən ehtiyatlanıb. Kataloniya nəhəngi yalnız məhkəmənin hökmü ilə Daniel Alvesin təqsiri sübuta yetirildikdən sonra müvafiq mövqeyini bəyan edib.

Xatırladaq ki, bir müddət əvvəl Alvesin 4,5 il müddətinə azadlıqdan məhrum edildiyi, həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə müəkəlləf edildiyi barədə qərar verildiyi məlum olub.

Daniel Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülüb. Daha sonra Alves bir neçə dəfə müvəqqəti zaminə buraxılmamışdı. Hazırda ötənlərin məşhur futbolçusu cəzasını çəkməyə hazırlaşır.

Vurğulayaq ki, Daniel Alves həqiqətən də “Barselona”nın aparıcı futbolçularından biri, əfsanəsi olub. Braziliyalı müdafiəçi “blauqrana”nın heyətində 408 oyuna 22 qol, 105 məhsuldar ötürmə ilə fərqlənib. Alves “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 4 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun, 3 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.