“Barselona” “blauqrana”nın ispan hücumameylli yarımmüdafiəçisi Daniel Olmonun zədələndiyi haqda bəyanat yayıb.
Arena.az “Barselona”nın mətbuat xidmətinə istinadən məlumat verir ki, Olmo kiçicik əzələ zədəsi ilə üzləşib.
Olmonun sağ soleus əzələsinin gərildiyi bildirilir. Olmonun yanvarın 21-də Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində “Benfika” ilə növbəti oyunu buraxacağı dəqiqləşib.
Futbolçunun bərpa müddəti haqda məlumat açıqlanmasa da, bu müddətin uzun olmayacağı təxmin edilir.
“Barselona” Daniel Olmonu 2024-cü ilin avqustunda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Olmo cari mövsümdə “Barselona”nın heyətində 18 oyuna çıxıb, 6 qola və 3 məhsuldar ötürməyə imza atıb.
Daniel Olmo 2019-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 41 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.
Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Həmçinin Olmo “Barselona” ilə İspaniya Super Kubokunu (2024/2025) qazanıb. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.
Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı Daniel Olmonun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.