“Barselona” Erik Qarsiyanı da heyətinə qatdı

İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin “Mançester Siti” klubundan Erik Qarsiyanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə müddəti 2026-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

“Mançester Siti” ilə müqaviləsinin müddəti başa çatan Qarsiya “Barselona”ya azad agent kimi keçib. İspan futbolçunun Kataloniya təmsilçisində sərbəstqalma məbləği 400 milyon avro müəyyənləşdirilib.

Qeyd edək ki, Erik Qarsiya “Mançester Siti”yə 2017-ci ildə məhz “Barselona”dan keçmişdi. Bir sözlə o, 4 il sonra yetirməsi olan kluba qayıdıb. İspaniya millisinin də üzvü olan futbolçu İngiltərə təmsilçisinin heyətində bütövlükdə 35 oyuna çıxıb.

“Barselona” klubu dünən “Mançester Siti”dən ayrılan daha bir futbolçu – Serxio Aquero ilə də iki illik müqavilə imzalamışdı.