“Barselona” klubu İspaniya milli komandasının da üzvü olan sol cinah müdafiəçisi Jordi Alba ilə yolların ayrılacağını rəsmən təsdiqləyib. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
34 yaşlı müdafiəçi rəhbərliyin daha az maaş qarşılığında qalmaq təklifini qəbul etməyib. Əksinə, tərəflər müddəti 2023/2024 mövsümünün sonunda bitməli olan müqaviləyə 1 il əvvəl xitam veriblər.
Bununla da İspaniya millisinin üzvünün 11 ildir formasını geyindiyi komandanı tərk edəcəyi dəqiqləşib. O, iyulun 1-dən etibarən azad agent statusu daşıyacaq.
“Barselona” Albadan öncə digər təcrübəli futbolçusu Serxio Busketsin də mövsümün sonunda komandanı tərk edəcəyini açıqlamışdı.
Xatırladaq ki, Alba 2012-ci ilin iyul ayında 14 milyon avro qarşılığında “Valensiya”dan “Barselona”ya transfer olunmuşdu.
İspan futbolçu 11 illik “Barselona” karyerası ərzində 458 oyunda meydana çıxıb. O, bu görüşlərdə 27 qol vurub, 99 məhsuldar ötürmə edib.
Müdafiəçi kataloniyalılarla 18 titul qazanıb. Bunların arasında 6 İspaniya çempionluğu və 1 Çempionlar Liqası kuboku da var:
İspaniya La Liqası: 2012/2013, 2014/2015, 2015/2016, 2017/2018, 2018/2019, 2022/2023
İspaniya kuboku: 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2020/2021; 2018/2019.
İspaniya Super Kuboku: 2013, 2016, 2018, 2022
UEFA Çempionlar Liqası: 2014/2015
FIFA klublararası dünya çempionatı: 2015.
Jordi Alba daha öncə “Korneliya”, “Valensiya” və “Ximnastik”də də forma geyinib. Təcrübəli müdafiəçi İspaniya milli komandasında da 91 oyun keçirib, 9 qola imza atıb. O, millinin heyətində AÇ-2012-nin qalibi olub.